DiasporDünyaGündəmManşetSiyasətXəbər xətti

Azərbaycan-Gürcüstan dostluğu əməkdaşlığın və təhlükəsizliyin qarantıdır

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əflatun Amaşov, Rasim Musabəyov, Hikmət Məmmədov, Kamilə Əliyeva, Pərvin Kərimzadə və Naqif Həmzəyevin mayın 13-də azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla görüşündə səslənib.

Marneuli şəhərinin meri Temur Abasov tədbiri açaraq Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb, Gürcüstanın hazırki rəhbərliyinin münasibətlərimizin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Mer bu cür səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, səfərin məqsədi qanunverici orqanlar arasında əlaqələrin genişlənməsinə dair məsləhətləşmələr aparmaq, eyni zamanda burada yaşayan soydaşlarımızın həyat tərzi və qayğıları ilə maraqlanmaqdır.

Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidentinin xarici siyasətində Gürcüstan ilə əlaqələrin inkişafı xüsusi yer tutur.

Sonra Milli Məclisin deputatları, həmçinin Gürcüstan parlamentinin üzvləri Ruslan Hacıyev, Tamaz Naveriani çıxış edib, ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi –Qars dəmir yolu və digər regional enerji və infrastruktur layihələrin əhəmiyyətindən danışıblar.

Deputatlar və mer Temur Abasov rayon ziyalıların qaldırdıqları məsələlərə, səsləndirdikləri təkliflərə münasibət bildirib, suallarını cavablandırıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Məlumat üçün qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin deputatlarının Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində bir sıra görüşləri nəzərdə tutulub.