AvtoManşetXəbər xətti

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Belçika Krallığında işgüzar səfərdədir

13 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Belçika Krallığının İmmiqrasiya İdarəsinin baş direktorunun dəvəti əsasında Belçika Krallığına səfər edib.Bu barədə Aktor.Az  qurumdan verilən məlumatda deyilir.

Səfər çərçivəsində İmmiqrasiya İdarəsinin baş direktoru Fredi Ruzmont ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti və Benilüks dövlətləri Hökumətləri (Belçika Krallığı Hökuməti, Böyük Lüksemburq Hersoqluğu Hökuməti və Niderland Krallığı Hökuməti) arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin icrası üzrə Protokol” layihəsi, eləcə də ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Daha sonra “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Belçika Krallığının Daxili İşlər üzrə Federal İctimai Xidmətinin İmmiqrasiya İdarəsi arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi baş tutub. Sənədin imzalanmasında məqsəd Azərbaycanla Avropa İttifaqı arasında davam edən miqrasiya dialoqunun dəstəklənməsi, miqrasiya sahəsində birbaşa məlumat mübadiləsinin təmin edilməsidir. Bu Anlaşma Memorandumu həm də Azərbaycan Respublikası və Belçika Krallığının miqrasiya məsələlərinə məsul orqanları arasında hüquqi müstəvidə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Vüsal Hüseynov Belçika Krallığına səfəri çərçivəsində, həmçinin Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun rəhbəri xanım Paraşkevi Mihu ilə də görüşüb. Görüşdə miqrasiya sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, eləcə də əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun rəhbərliyi ilə diplomatik nümayəndəliyimizin, eləcə də Xarici İşlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.