12986801_1154846807889112_79728935_o Tolerantlığın Azərbaycan modeli tarixi ənənəyə əsaslanır | Aktor.Az
-

Tolerantlığın Azərbaycan modeli tarixi ənənəyə əsaslanır

Tolerantlığın Azərbaycan modeli tarixi ənənəyə əsaslanır

Qərblə Şərqin arasında körpü rolunu oynayan Azərbaycan tarix boyu müxtəlif din və mədəniyyətlərin qovuşduğu bir məkan olub. Mövcud şəraitin formalaşmasında Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və digər amillər böyük rol oynayıb. Min illərlə mövcud olmuş tarixi şərait müxtəlif dinlərin birgə mövcudluğuna hər cür imkan yaratmışdır. Tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan ərazisində bütpərəstlik, zərdüştilik, xristianlıq, İslam və bir çox başqa dini inanclar bu və ya digər səviyyədə yayılmış, bir-birinə qarşılıqlı təsir göstərmiş və bütövlükdə mənəvi həyatın özəlliyini səciyyələndirmişdir.

 

Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları dünyagörüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir. Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı.

 

Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər ciddi formada yaxşılaşdı. Müasir Azərbaycanda dövlət-din münasibətləri qanunlarla tənzimlənir. Bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1 və 3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır,  bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır .

 

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə “keçid dövrü” adlandırılan mürəkkəb bir zamanda mənəvi dəyərlərin varisliyinin təmin edilməsi son dərəcə çətin idi. 70 il müddətində mövcud olan milli-mənəvi köklərdən uzaqlaşma proseslərinin nəticələrinin aradan qaldırılması bu sahədə ciddi dövlət siyasətinin müəyyən olunmasını tələb edirdi. Ən mühüm məsələ ideoloji vakuumu müəyyənləşdirmək və yeni mərhələnin qarşıya qoyduğu vəzifələri həyata keçirmək idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda başlanan yeni tarixi dövrdə milli-mənəvi inkişafın bütün istiqamətlərini əhatə edən strateji kursu həyata keçirməklə, bu sahəni dövlətçiliyin mənəvi dayaqlarından birinə çevirdi.

 

Dünyada baş verən təhdid və çağırışların fonunda Azərbaycanda həyata keçirilən siyasət tarixi ənənəyə, insan potensialına və düşünülmüş  idarəetməyə əsaslanır. Bu baxımdan dünyaya multikultural həyat tərzinin təbliği, “Multikulturalizm ili”nin elan olunması ilə açıq mesajlar verilir. Yuxarıda qeyd edilən üç amilin tədqiqi onu deməyə əsas verir ki, Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub.

 

Azərbaycanda dini abidələrə münasibət din və dövlət arasında münasibətlərin təzahürüdür. Azərbaycanda dövlət yalnız məscidləri və İslam dininə aid olan digər abidələri tikib bərpa etmir. Eyni zamanda, digər dinlərə aid məbədlər də təmir və inşa edilir. Təbii ki, burada dövlət siyasəti də, bu siyasətin əsasları da düzgün qurulub. Bu, bizim həyat tərzimizdir. Bu bizim dünyaya baxışımızdır. Biz belə yaşayır və belə yaşayaraq özümüzə, regiona və dünyaya sübut edirik ki, multikulturalizm mövcuddur. Multikulturalizm nisbətən yeni anlayışdır. Mahiyyət etibarı ilə isə müxtəlif mədəniyyət və dinlərə mənsub olan şəxslərin birlikdə yaşamaları deməkdir. Yəni bu anlayış Azərbaycanda əsrlər boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşayıb.

 

Təhlillər onu deməyə əsas verir ki, ölkədə bu sahədə həyata keçirilən fəaliyyətin əsasında üç amil: tarixi ənənə, yaxşı idarəetmə və insan potensialı dayanır. Qeyd edilən bu üç amil tarix boyu formalaşmışdır. Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı anlaşma şəraitində bir araya gəldiyi, multikultural dəyərləri həyat tərzinə çevirən nadir ölkələrdəndir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir.

 

Qəbul edilən həqiqət bundan ibarətdir ki, multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən dəyərə çevrilib və ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması ənənəsi mövcud olub. Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra məhz Heydər Əliyevin idarəçilik məharəti, onun siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində bu ənənə prinsiplər səviyyəsinə yüksəlmiş, dövlət siyasətinin vacib istiqaməti kimi öz təsdiqini tapmışdır. Ulu öndər bildirirdi: “Avropa ilə Asiyanın qovuşuğunda, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristianlıq və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və hələ də yaşamaqdadır”.

 

Azərbaycan Respublikasında indiyədək fasiləsiz formada həyata keçirilən multikultural siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin  “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” sərəncamı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu sahəyə göstərilən diqqətin əyani göstəricisidir. Eyni zamanda, multikulturalizm ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi, təbliğ olunmasıdır.

 

Cəsarətlə deyə bilərik ki, Azərbaycan artıq dünyada multikulturalizm və sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində, ölkələr və beynəlxalq qurumlar arasında sivilizasiyalararası dioloqun təşviq edilməsində, multikulturalizmin Azərbaycan modelinin təbliği sahəsində Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri vardır. Bu məqamda onu da deyək ki, Azərbaycan multikulturalizm prinsiplərini dünyada təbliğ edən nadir ölkələrdəndir. Bu gün multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetinə çevrilmişdir. Yaşadığımız günlərin reallığı isə budur ki, artıq multikulturalizmin Azərbaycan modeli mükəmməl şəkildə formalaşıbdır.

 

Təəssüf ki, dünyanın bir sıra  ölkələrində toqquşmalar və humanitar problemlər ayrı-ayrı xalqların faciəsinə çevrilib. Eyni zamanda, bu qarşıdurmalar milli və dini zəmində baş verir. Qərb dünyasında islamofobiya meyilləri artdığı bir zamanda, Şərq dünyasında ideologiyalar, inanclar, məzhəblər arasında olan qarşıdurmalar da  çoxalır və daha da dərinləşir. Bu isə sonda mədəniyyətlər və sivilizasiyalararası ziddiyyətləri dərinləşdirir. Bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb olması ilə əlaqədar ondan imtina edir, onun bir dəyər kimi iflasa uğradığını açıq bəyanatla bildirirlər.

 

Son illər dünyada baş verən toqquşmalar, qarşıdurmalar, xüsusilə bəzi liderlərin sivilizasiyalar və mədəniyyətlərarası gərginliyə gətirib çıxaran siyasi bəyanatları gündən-günə gərginləşən münasibətlərin düşmənçilik həddinə çatdığından xəbər verir. Buna görə də dünyada mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Bu sahədə potensialı güclü olan ölkələrin dialoq məsələlərində təşəbbüslərinin və rolunun artırılması da vacib amillərdəndir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya daha bir sülh mesajı  göndərmişdir. Bu addımla bir daha təsdiq olunur ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların mədəni inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır. Azərbaycanın sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev dünyada sülhün təmin edilməsində dialoqlara böyük ehtiyac olduğunu bildirir. Həqiqətən də, bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yolların körpüsü deyil, həm də siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu və bir-birini qarşılıqlı surətdə tamamladığı siyasi-iqtisadi və mədəni-mənəvi mərkəzə çevrilmişdir. Prezident İlham Əliyev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindəki çıxışında demişdir:  “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri – Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var”.

 

Fəxrlə deyə bilərik ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi strategiya nəticəsində “sivilzasiyalararası dialoqun Azərbaycan modeli” üzərində beynəlxalq elmi ictimaiyyət bu gün diskussiyalar aparır, xalqımızın adət-ənənələrindən irəli gələn yüksək dəyərlərin öyrənilməsi və onun tətbiq olunmasının elmi şəkildə araşdırılmasının əhəmiyyəti barədə söhbət açırlar .

 

Təsadüfi deyil ki, bu gün Azərbaycan sivilizasiyalararası qarşıdurmanın təzahürləri kimi meydana çıxan qlobal problemlərin həllində qarşılıqlı əməkdaşlıq çağırışları edən elm, din və siyasət xadimlərinin görüşdüyü bir məkana çevrilmişdir.

 

Sivilizasiyalar və mədəniyyətlərarası dioloq prosesinin davamlılığını təmin edən Azərbaycan Şərq ilə Qərb arasında körpüdür. Azərbaycanın iqtisadiyyatı, elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, sadəcə olaraq, iki sivilizasiya arasında körpü rolunu oynamır, sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, onların vəhdətini təcəssüm etdirir. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan multikulturalizminin özünəməxsusluğunu yüksək qiymətləndirərək bəyan edir: “Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir”.

 

Multikulturalizmin Azərbaycan modelinin formalaşması və uğur qazanmasında aşağıda qeyd etdiyimiz üç amil xüsusi rol oynamışdır:

 

– tarixi ənənə;

 

– düzgün idarəetmə;

 

– insan potensialı.

 

Yuxarıda qeyd olunanlara əsasən. deyə bilərik ki, ölkədə insan faktorunun inkişafı baxımından kompleks tədbirlərin görülməsinə, gənclərin multikultural dəyərlərlə formalaşmasına daim xüsusi önəm verilmişdir. İnsanın hərtərəfli inkişafına, güclənməsinə və idarə edilməsinə yönəldilmiş siyasətin mərkəzində ilk növbədə Azərbaycan vətəndaşı, xüsusən Azərbaycan gəncliyi dayanır. “Qara qızıl”ın “insan kapitalına” çevrilməsinə yönəldilmiş strategiyada bilik və bacarıq əsas rol oynayır. Neftin insan kapitalına çevrilməsi insan potensialının inkişafına səbəb olur. Strateji önəm daşıyan, tükənməyən və daim təkmilləşən təbii sərvətlər arasında ən böyük əhəmiyyətə malik olan insan potensialı isə hər zaman inkişafın həlledici amili kimi çıxış edib və etməkdədir. Son zamanlar ölkələrin inkişafının, əhalinin həyat səviyyəsi və rifahının bilik və bacarıqlardan asılı olması insan amilinin vacibliyini bir daha ön sıraya çıxarıb .

 

Bu yanaşma yuxarıda qeyd etdiyimiz üçbucağın müddəalarından irəli gəlir. Elmsiz, təhsilsiz nə dialoq, nə sülh, nə də tolerantlıq təmin edilə bilər. Təsadüfi deyildir ki, 2016-cı ilin 25-27 aprel tarixində paytaxtımızda  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilməsi Azərbaycanda yüksək səviyyədə qorunan multikultural dəyərlərə dünya birliyi tərəfindən verilən qiymətdir. Azərbaycan Respublikasının bu sahədə apardığı xətt belə deməyə əsas verir ki, o, təkcə maddi sərvətləri ilə deyil, həm də mənəvi sərvətləri, o cümlədən yüksək mənəviyyatı, tolerantlığı, multikultural həyat tərzi və birgəyaşayışa, sülhə meyilli olması ilə digər dövlətlərə nümunə göstərilə bilər.

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində qorunub saxlanılmış və inkişaf etdirilmiş tolerantlıq mühiti dövlətimizin dünya mədəniyyətinə böyük töhfəsidir.

 

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dosenti

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n