Xəbər xətti

VERGİDƏN VƏ DOĞRUDANYAYINMA… RELAKSMI?

“Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir. Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. …Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişdir. İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.” – Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda belə yazılır.

Həmin məlumatda başqa nə yazılır? – Ərz eləyim qulluğunuza, tanış olun:

“…Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətinin həyata keçirilməsinə maneələr törədilmişdir. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də, Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli nümayəndələri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək, onlara müxtəlif dərəcəli xəsarətlər yetirmiş, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi isti­fa­dəsində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.”

Bəli, rəsmi açıqlamadan bəlli olur ki, “Relax” mövcud (faktiki) imkanından çox çox az (azdan da az) vergi ödəyir. Bu, yolverilməzdir! – Necəki yol verilmədi!

Azərbaycan Prezidenti sahibkarların vaxtında vergi ödəməsinin zəruri olduğunu şəxsən (və uzaq olmayan tarixlərdə dəfələrlə!) diqqətə çatdırıb. Verginin tam və vaxtında ödənilməsi dövlətin maliyyə imkanlarını gücləndirir, müxtəlif sosial, iqtisadi, humanitar (və digər) sahələrdə önəmli tədbirlərin həyata keçirilməsinə münbit  ortam yaradır. – Bunu qanunverici orqanın üzvünün (də) maaşını alan ( -Aqil Abbas demiş) İqbal Məmmədov bilmirdi, eləmi? – Əlbəttə, bilirdi və bilə-bilə də belə bir yolsuzluğa yol verirmiş. – Bilmirəm, qurd ürəyimi yeyib ya başqa bir hikmət(sizlik)mi var bu işdə?..

“Relax” az vergi ödəyən tək şirkətdimi? – təəssüf ki yox; amma Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyi də yalnız “Relax”la məhdudlaşmır və  bu təqdirəlayiq davranış davamlıdır, kəsərlidir, təsiredicidir.

“Relax” olayının təəssüf ki, tək hadisə olmadığını  vurğuladıq,  lakin bu faktın bütün öl-kəyə şamil edilməsinin düzgün olmadığını da vurğulamadan keçməyək.

Bir sözlə, cılxa faktın özündən də göründüyü kimi belə hallar müəyyənləşincə, dövlət baba onun üzərinə gedir və qanuni tələblərin təmin olunması üçün öz iradəsini ortaya qoyur. Necə deyərlər, “Yanlış hesab Bağdaddan ( -bizim örnəkdə Bakıdan) dönər”!

Və… Əli Kərimli (və ətrafı) gələnəkli şəkildə “Relax”da baş vermiş insidenti də, ha-kimiyyətə qarşı siyasi etiraz tutalğacına çevirməyə, bundan yararlanmağa çalışır. Eviniz tikilsin, deynən, sizin, eviniz… Hardasa bir olay olmasa, bəs neynəyəcəksiz? Bəs o olay sıfırlananıca nə deyəcəksiz? Sizinki siyasi partiya lideri tövrü deyil, e… bəlkə bir ortabab araşdırmaçı jurnalist tövrü belə deyil… Çün, jurnalist hansısa çatışmazlığı, nöqsanı ha­kimiyyətə təzyiq aktına çevirməkçün, hakimiyyətə gəlmə “şans”ına dönüşdüməkçün araşdırıb yazmır; yazır ki, ictimai fikir düzgün qidalansın, yazır ki, nöqsan aradan qalxsın, yazır ki, dövlət babaya kömək olsun…

Qeyri-konstruktiv qüvvələrin bu məsələnin mahiyyətini təhrif edərək, növbəti dəfə ictimai rəyi çaşdırmaq cəhdləri elə “Relax” yönəticilərinin vergidən yayınması kimi bir olanaq (daha doğrusu, olanaqsızlıq) olsa gərək… Nə fərqi? – biri vergidən yayınır, biri konstruktivlikdən və belə olunca, hər ikisi dövlətçilik şüurunu eynidərəcədə ( -ha xeyli az, ha xeyli çox…) zədələmiş olmurmu?

Özlərinin partiyasında baş vermişlərlə, özlərinin vaxtı ilə hakimiyyətdə yüksək vəzifə tutduğu dövrlərlə qiyaslama aparıb da, bir doğru-dürüst sonuca varsaydılar, barı… Ölkənin hüdudları içində və dışında, siyasi yaxud qeyri-siyasi müstəvidə baş vermiş bütün olayları eynigüclə indiki iqtidarın adına calamaq… – bu nə ühulət(sizlik) və sühulətsizlikdir?…

 

Əkbər QOŞALI