12986801_1154846807889112_79728935_o Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev Muzeyi təmir olunacaq – FOTO | Aktor.Az
-

Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev Muzeyi təmir olunacaq – FOTO

Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev Muzeyi təmir olunacaq – FOTO

Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev muzeyinin təmirə ehtiyacı var.Aktor.Az-ın məlumatına görə, xeyli vaxtdır baxımsız qalan binanın divarlarında çatlar yaranıb.

 

Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, “Molla Nəsrəddin” jurnalının nüsxələrin bir hissəsi də tam yararsız vəziyyətə düşüb.

 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və müavini Mayak Nemətov böyük ədib, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisinin mərkəzi Besik küçəsindəki Ev-muzeyində olublar.

 

D.Həsənov açıqlamasında deyib ki, böyük ədibin ev muzeyi 1997-ci il oktyabrın 11-də açılıb. “Qeyrət” mətbəəsi də vaxtilə bu evin zirzəmisində yerləşib. Onun sözlərinə görə, Azərbaycanın Tbilisidəki səfirliyinin əməkdaşları artıq binaya baxış keçiriblər. Burada saxlanılan kitabların, avadanlığın, foto və video, jurnal və digər yazılı materialların siyahısı hazırlanıb:

 

“Təəssüf ki, bəzi kitablar, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi yararsız vəziyyətə düşüb. Biz çalışacağıq ki, binanın təmir və yararsız vəziyyətə düşmüş mal materiallarını bərpa edək”.

 

Diplomat bununla əlaqədar olaraq, Azərbaycan və Gürcüstan hökumətlərinə, müvafiq strukturlara müraciət olunacağını bildirib.

 

Əflatun Amaşov isə qeyd edib ki, C.Məmmədquluzadə Azərbaycan mədəniyyətinin, incəsənətinin, jurnalistikasının inkişafında böyük xidmətləri olmuş şəxsiyyətdir:

 

“Böyük ədib 1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olub.  “Şərqi-Rus” qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi”.

 

Deputat muzeyin ciddi təmirə ehtiyacı olduğunu bildirib və deyib ki, bu mədəniyyət ocağının tez bir zamanda təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq.

 

11

 

22

 

44

 

55

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n