KÖŞƏMediaXəbər xətti

Öz səsini eşitməkdən çəkinməyən nəsil yetişir…

Elə qapıdan Zeynəbi ötürdüm ki, uşaq dayandı. Çantasını yerə atıb əlini ürəyinin üstünə qoyub dondu.

O qədər ani oldu ki, mən çaşdım, uşağı yerindən itələyib, “Ay bala, nə oldu, get də”, səsimi qaldırmadan, ancaq etirazımı açıq bildirəcək tərzdə dedim, hələ uşağı bir balaca itələdim də…

Zeynəb yavaşca “Ana, himn” deyəndə, özümü o qədər aciz, yazıq, mənasız, gücsüz, daha nə bilim, başqa söz tapmıram, hiss edə biləcəyim ən pis vəziyyətdə hiss etdim.

Dondum. Məktəbin böyük işıqlı dəhlizində qızımla bərabər gecikən 2-3 nəfər şagird, məktəbin mühafizəçisi və üzündə içindəki suallara cavab tapmayan birinin ifadəsi olan mən dayanmışdıq.

Uşaqlar yavaşdan himni oxuyurdular. Mühafizəçi ayaq üstə dayanmışdı. O da oxumurdu. O da mənim kimi səsini eşitməkdən çəkinən nəslin nümunəsidir axı…

Evə gedəndə bütün yolu gözümdən yaş gəldi. Qızım üçün fərəhlənirdim, özüm üçünsə… Nə bilim, bəhənə uydurdum ki, yorğun olduğuma görə eşitməmişəm.

Əslində, həmişə himnimizi oxumuşam. Getdiyim rəsmi, ya da qeyri-rəsmi tədbirlərdə himn eşidiləndə mən o sözləri səsimi çox qaldırmadan yavaş, amma demişəm…

Səkkiz yaşlı qızımın “Ana, HİMN” sözlərindən sonra isə səsimi yanımdakı eşidəcək qədər qaldırıram.

Bu hadisəni yenə xatırladım. Gimnast qızlarımızın qələbə qazandıqdan sonra himni axıra qədər, gur səslə, inamla və FƏXRLƏ oxuduqlarını görəndə necə xoşbəxt olduq.

Onların qələbəsi qədər, HİMNƏ sahib çıxmaları bizi fərəhləndirdi.

Gördük ki, onlar fərqlidirlər. Onlar Müstəqil Azərbaycanın vətəndaşları kimi doğulubular.

Bu böyük xoşbəxtliyi heç kim onlardan ala bilməz. QOYMAZLAR!

İdmançı qızların timsalında bu nəslin müstəqilliyimizə necə sahib çıxdığının şahidi olduq. Bu nəsil öz səslini eşitməkdən çəkinmir. Himni oxumaq onlar üçün qürurvericidir.

“Səsim pisdir, oxumuram” demirlər, düşünmürlər. Onlar anlayırlar ki, fərqli səslərin birləşməsidir HİMNİN əzəmətini artıran. Onu gözəlləşdirən.

Himni ən yorğun halında belə eşidəcək analar, atalar yetişir. Bu, məni sevindirir.

Hə, bir də, “hə, nə olsun?” deməyin. İnanın, millətin xarakterini xırda saydığımız hərəkətlər formalaşdırır.

Şəhidlərimizin qanıdır Azərbaycan dediyimiz “bədən”in ruhu, analarımızın şəfqəti, atalarımızın müdrikliyidir siması, balacalarımızın uğurlarıdır Vətən məfhumunu yaşadan, qocaltmayan, inkişaf etməyə sövq edən…

Ona görə də o gün, məncə, bir himn axıra qədər oxunmadı, o gün müstəqil bir nəsli yetişdirdiyimizi növbəti dəfə gördük.

Əslində, həmişə himnimizi oxumuşam. Getdiyim rəsmi, ya da qeyri-rəsmi tədbirlərdə himn eşidiləndə mən o sözləri səsimi çox qaldırmadan yavaş, amma demişəm…

Səkkiz yaşlı qızımın “Ana, HİMN” sözlərindən sonra isə səsimi yanımdakı eşidəcək qədər qaldırıram.

Qızımdan öyrəndim…

 

Günay Malikqızı