12986801_1154846807889112_79728935_o Azər HƏSRƏT: Təhsil sahəsi təcrübə poliqonu deyil | Aktor.Az
-

Azər HƏSRƏT: Təhsil sahəsi təcrübə poliqonu deyil

Azər HƏSRƏT: Təhsil sahəsi təcrübə poliqonu deyil

Ötən ilin sentyabrında xəbər yayıldı ki, məktəblərdə “Məktəblinin dostu” adlı bir layihə icra ediləcək. Layihənin rəhbəri kimi adı keçən Rüstəm Ağayev adlı şəxs APA-ya açıqlamasında demişdi ki, “layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır”. O, daha sonra əlavə etmişdi ki, bu “dostlar” məktəb ərazisinə nəzarət edəcək, məktəblilərin təhlükəsizliyini qoruyacaq, fövqəladə hal olduqda müəllim və şagirdlərə yardımçı olacaqlar.

 

Həmin günlərdə bu açıqlamanı oxuyanda fikrimi bildirmişdim ki, belə iddialarla icra ediləcək layihə sadəcə əsassızdır. Çünki təsadüfi seçimlə toplanaraq məktəblərə göndəriləcək 21-30 yaş arası gənclərin məktəbə nəzarət etməsi məktəbin avtoritetinə zərbədir. Digər tərəfdən də təhlükəsizliyin təmin edilməsi üçün təsadüfi adamların cəlb edilməsinə heç bir zərurət yoxdur. Ən əsası isə tədris prosesinin sağlamlığıyla bağlı iddiadır. Yəni bu layihəni icra edənlərin iddiasını bir balaca diqqətə alsaq belə anlaşılar ki, Azərbaycan məktəblərində sağlam təhsil yoxdur və bu adamlar gəlib həmin problemi həll edəcəklər.

 

Ən təəccüblü hal isə layihəni Təhsil Nazirliyi və ASAN xidmətin birlikdə maliyyələşdirməsidir. Anlaşılan odur ki, dövlətin çox mühüm iki qurumu faktiki olaraq təhsil prosesinə müdaxilə edəcək bir layihəni həvəslə maliyyələşdirir. Buna görə də tənqid olunurlar.

 

Qeyd etdiyim kimi, vaxtında bu layihəyə şübhəylə yanaşmış və tənqidlərimi dilə gətirmişdim. Amma sonra düşündüm ki, bir az gözləyim, görüm nə göstərir.

 

Gözlədim, qorxulan başa gəldi. “Dostlar”ın olduğu məktəblərdən sadəcə ictimailəşdirilməsi məqsədəuyğun olmayan narazılıqlar eşidilməyə başlayıb. Bu “dost” gənclərin birbaşa tədris prosesinə müdaxilə etdiyi, direktorları belə nəzarətdə saxlamağa cəhd göstərdiyi deyilir. Bu gənclər istədikləri vaxt sinif otağının qapısını açıb içəri daxil olur, müəllimi saymadan şagirdləri sorğu-sual edirlər. Təbii ki, belə bir yanaşma məktəb rəhbərinin də, sinif müəlliminin də şagird qarşısında gözdən düşməsinə səbəb olur. Gözdən salınmış müəlliminsə şagird qarşısındakı avtoriteti aşağı enir. Nəticədə tədrisin keyfiyyəti da aşağı düşür.

 

Bugünlərdə oxuduğum bir yazıda isə deyilir ki, bu “dostlar” şagirdlər arasında özlərinə xəbərçilər dəstəsi təşkil edir. Yəni bu xəbərçilər məktəbdə baş verənlər haqqında “dostlar”ı məlumatlandırmalıdır. Təbii ki, qarşılığında xəbərçi-şagirdin “maraqları” təmin edilmək şərtilə.

 

Açığı, bunun bu qədər olduğuna inanmaq istəməzdim. Amma belə bir hal varsa, həqiqətən çox iyrəncdir və dərhal bu layihəni dayandırıb o “dostlar”ı da məktəbdən uzaqlaşdırmaq lazımdır.

 

Sual oluna bilər ki, niyə bu qədər narahatam? Sadəcə o səbəbdən ki, mən ömrüm boyu görmüşəm ki, təhsil müəssisəsinin özünə, onun kollektivinə, rəhbərinə güvən olub. Belə güvənin olması isə təhsilin səviyyəsinə müsbət təsir edib. İndi bu “dostlar” məsələsi həmin güvəni alt-üst edir. Təbii ki, belə olan halda şagirdləri idarə etmək, təhsilin keyfiyyətini yüksəltmək çətinləşəcək.

 

Digər tərəfdən isə “dostlar”ın 21-30 yaş arası olması o deməkdir ki, bunlar hələ gərəkli həyat təcrübəsinə malik deyillər. Üstəlik, onların “dost” ola bilməsi üçün pedaqoji təhsil tələb edilmir. Bir anlıq düşünək ki, pedaqoji təhsili olmayan bir gənc gəlib hansısa məktəbin ağsaqqal, ağbirçək pedaqoq-direktoruna nəzarət edir. Hara yazmaq olar bunu? Təbii ki, belə hal yolverilməzdir!

 

Burda diqqətimi çəkən daha bir məqamsa (özü də əsas məqam) layihənin rəhbəri haqqında doğru-dürüst bilginin olmamasıdır. İnternetdə bu şəxs haqqında əsas bilgilər yalnız bu layihənin koordinatoru olması haqqındadır. Belə bir şəxsin ideyasının maliyyələşdirilməsi nə qədər məqsədəuyğundur? Bəlkə ortada bizə bəlli olmayan hallar var?

 

Bu layihəyə görə Təhsil Nazirliyi, şəxsən nazir Mikayıl Cabbarov da tənqid edilir. İstəməzdim ki, cənab nazirin adı belə bir məsələdə hallansın. Əslində isə, məncə, cənab nazir işin içində deyil. Sadəcə layihələrə baxanlar onu inandırıblar ki, bu əla bir ideyadır. Təbii ki, nazir də ona bu layihəni tərifləyən nazirlik görəvlilərinə güvənib və nəticədə ortaya belə bir bərbad iş çıxıb. Hər halda düşünürəm ki, bu məsələyə görə, nazirin hədəf alınması doğru deyil.

 

Haşiyə: Bir neçə il öncənin söhbətidir. Təhsil Nazirliyində elektron təhsillə bağlı müsabiqələr keçirilirdi. Yaxınlarımızdan birini də o müsabiqəyə münsif olaraq cəlb etmişdilər. Təbii ki, o da əlindən gələni edirdi ki, obyektiv olsun. Amma müsabiqənin əsas işçi heyətindən birisi ona konkret adlar göndərərək xahiş etmişdi ki, bu adamlara yüksək qiymət verin. Bizimki də eləmədi tənbəllik, o yaramazın rəhbərinə bu haqda məlumat verdi. Araşdırmadan sonra həmin adam ümumiyyətlə işdən uzaqlaşdırıldı…

 

Bu “dost” layihədə ASAN xidmətin adının da olması isə heç yerinə düşmür. Çünki ASAN xidmət Prezident İlham Əliyevin birbaşa nəzarətində olan çox uğurlu bir təşəbbüsdür və onun adının belə uğursuz layihələrdə hallanması heç də yaxşı hal deyil. Bu baxımdan düşünürük ki, ASAN-çı dostlarımız Təhsil Nazirliyilə birlikdə bu layihənin elə bu andan etibarən dayandırılmasını təmin etsələr, ziyanın yarısından qayıtmış olacaqlar. Çünki layihə davam edəcəyi təqdirdə məktəbin və müəllimin avtoriteti çox ciddi zədə alacaq ki, onu əsla bərpa etmək mümkün olmayacaq. Həm də ASAN-ın nüfuzu əlavə zərbə alacaq…

 

Haşiyə: Bir müddət öncə ASAN xidmətdən şəxsiyyət vəsiqəsi almaq istəyənlərin şikayətlərinə şahid olmuşduq. Adamlar iddia edirdi ki, kredit borcları olduğu üçün ASAN xidmət onlara şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Təbii ki, qanunsuz əməldir və tənqid olunmalıdır. Sadəcə bir məqamı da qeyd etmək lazımdır ki, bu qaydanı ASAN xidmət qoymayıb. Şəxsiyyət vəsiqəsini verməli olan qurum qanunsuz şəkildə belə bir əməli icra edir. Olansa, yenə də cənab Prezidentin ən uğurlu təşəbbüslərindən olan ASAN xidmətə olur…

 

Əgər biz təhsilimizdə yeniliklər etmək, daha dinamik və səmərəli təhsil sistemi qurmaq istəyiriksə, bu işi məktəbin və müəllimin öhdəsinə buraxmalıyıq. Bu cür əsassız və mənasız layihəyə xərclənən pulları elə məktəblərin yeniliklərə can atan qabaqcıl müəllimlərinə xərcləyərək daha yüksək nəticə əldə etmək olar. Pedaqogikaya dəxli olmayan gəncləri toplayıb, bir ay kurs keçib onları illərin pedaqoji təcrübəsini layiqincə çiyinlərində daşıyanlara nəzarətçi qoymağın heç bir əsası yoxdur və ola da bilməz.

 

ASAN xidmətin adının belə layihədə çəkilməsi, ona qədərsə şəxsiyyət vəsiqəsi məsələsində hallanmasına təkrar qayıdaraq qeyd etmək istərdim ki, hər iki hal heç də xoş deyil. Lakin onu da vurğulamaq istərdim ki, ASAN xidmətçiləri şübhə altına almağa da əsas yoxdur. Sadəcə, görünür kimlərsə cənab Prezidentin bu uğurlu təşəbbüsünü birbaşa sabotaj edə bilmədikləri üçün ASAN xidməti şəxsiyyət vəsiqəsi, “məktəblinin dostu” kimi əməllərə bulaşdırmaqla istəklərinə nail olmağa çalışırlar. Birbaşa alınmırsa, dolayısıyla yəni…

 

Elə təhsil naziri Mikayıl Cababrovun özünün də belə uğursuz layihə və ideyalarla gözdən salınmağa çalışıldığını deyə bilərik…

 

Yeri gəlmişkən, layihənin rəhbəri Rüstəm Ağayev sentyabrda verdiyi açıqlamada demişdi ki, “layihə uğurlu olarsa, genişləndirilərək ölkənin digər şəhər və rayonlarında da icra olunacaq”. Anlaşılan, adam təhsil sahəsini təcrübə poliqonu zənn edir…

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n