GündəmKÖŞƏManşetSiyasət

Elməddin Behbud QHT Şurasının 2019-cu ildə tətbiq edəcəyi yeniliklərdən yazdı

Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildə 13 istiqamət üzrə yeni elektron xidmətin tətbiqini nəzərdə tutur. Bu yenilikləri ilk dəfə noyabrın 28-də keçirdiyimiz tədbirdə QHT-lərin və geniş ictimaiyyətin müzakirəsinə təqdim etdik. Keçən müddət ərzində bu barədə QHT-lər tərəfindən bizə çoxlu sayda maraqlı və faydalı təkliflər daxil odu, mətbuatda müzakirələr təşkil edildi. Fürsətdən istifadə edib, ictimai müzakirələrdə fəal iştirak edən, tətbiq edəcəyimiz yeniliklərə məzmunundan asılı olmayaraq münasibət bildirən bütün həmkarkarıma təşəkkür edirəm.

Onu da bildirmək istərdim ki, daxil olan bütün rəy və təkliflər diqqətlə araşıdırılır və onların əsalandırılmış hissəsi nəzərə alınır. Bu proses hələ də davam edir.
2019-cu ildə tətbiq olunacaq yeniliklərdən biri də ölkə vətəndaşlarına QHT-lərin Şuranın qrant müsabiqələrinə təqdim edəcəyi layihələrin qiymətləndirməsi prosesində onlayn iştirak etmək imkanının yaradılmasıdır. Təbii ki, hər bir innovativ adım və islahat maraq doğurmaqla yanaşı həm də, ilkin olaraq müəyyən həyacan yaradır və fərqli münasibətlərin meydana çıxmasına səbəb olur. Buna əlbəttə ki, normal qarşılamaq lazımdır.
Ancaq heç bir donor tərəfindən indiyə qədər müşahidə olunmayan və Azərbaycanda ilk dəfə tətbiq edilən “vətəndaşların layihələrin qiymətləndirilməsi” təklifi QHT sektorunun mütləq əkasəriyyətinin təqdirini qazandığı kimi, bəzi QHT-lər bəlkə də bu şəffaf prosesdən tam məlumatlı olmadıqları və ya bu şəffaflıqdan çəkindikləri səbəbindən Şuranın bu təşəbbüsü ilə əlaqədar müxtəlif fikirlər səsləndirilər.
Bu və ya digər fikirlərə aydınlıq gətirmək və məsələnin mahiyyətini bir daha aydınlaşdırmaq məqsədilə “Vətəndaşların layihələrin qiymətləndirilməsi” təşəbbüsünün ən azı 3 üstünlüyünü diqqətinizə çatdırmaq istərdim:

1. Şəffaflığın və aşkarlığın artırılması
Bildiyiniz kimi, Şura QHT-lərin ictimai həyatın müxtəlif istiqamətləri ilə bağlı təklif etdikləri layihələrin qiymətləndirməsinə dövlət qurumlarının nümayəndələrini və müstəqil ekspertləri cəlb edir. 2019-cu ilin ikinci qrant müsabiqəsindən etibarən isə bunlarla yanaşı QHT layihələrinə ölkəmizin istənilən vətəndaşı da münasibətini açıqlaya, rəyini bildirə biləcək. Vətəndaşın layihələrin maliyyələşdirilməsi ilə bağlı qərar qəbuletmə prosesində iştirakının təmin edilməsi ilk növbədə şəffaflığın və aşkarlığın ən yüksək səviyyədə təminatına xidmət xidmət edir. Məncə, buna heç kim etiraz etməməlidir.

2. Layihələrin maliyyələşdirilməsində vətəndaşın rəyinin nəzərə alınması

Əvvəla onu deyim ki, yanlış olaraq QHT layihələrinin vətəndaşlar tərəfindən qiymətləndirilməsi sonuncu və yeganə mexanizm kimi başa düşənlər də var. Təbii ki, bu belə deyildir. Şuranın noyabrın 28-də çoxsaylı QHT və media nümayəndələrinin iştirakıyla keçirilən ictimai dinləmədə açıqladığı kimi layihənin vətəndaşlar tərfindən 20 bal (60 səs) toplaması layihəni maliyyələşdirmək üçün yeganə əsas deyil. Bunu da bildirim ki, vətəndaş qiymətləndirmə zamanı layihənin təqdim edənin QHT adını və ya onu tanıdan hər hansı bir məlumatı görmür, yalnız layihənin adı, ideyası və qısa məzmunu, məqsəd və vəzifələri, layihədə görüləcək işlər və gözlənilən nəticələr, icra müddəti və ümumi məbləğ barədə məlumat əldə edə bilir və bu məlumatlar əsasında öz rəyini bildirir. Vətəndaş layihənin maliyyəşdirilməsinin Şuraya tövsiyyə olunması ilə bağlı verdiyi səsi mütləq şəkildə rəy bölməsində əsaslandırır.
Bir məsələni də qeyd edim ki, əsaslandırılmayan, həmçinin layihənin mahiyyətinə uyğun olmayan rəy və onun əsasında verilən səs qeydiyyata alınmayacaq. Bundan başqa, süni üstünlük (bir neçə şəxsin bir layihəyə eyni məzmunlu rəy verməsi, yaxud bir şəxsin birdən artıq layihəyə eyni məzmunlu rəy verməsi) əldə etmək məqsədilə maraqlı tərəflərin təsiri nəticəsində hər hansı layihəyəyə rəyin verilməsi halları aşkarlandıqda, verilmiş rəy nəzərə alınmayacaq.
Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən dövlət atributlarına, milli və mənəvi dəyərlərə qarşı yönələn hər hansı çağırışı və fikri özündə ehtiva edən, QHT və QHT nümayəndələrinin qanunvericiliklə qorunan işgüzar nüfuzuna xələl gətirən, etikadan kənar ifadələr olan rəy qadağandır və bu halda vətəndaşın layihə təkliflərinin qiymətləndirilməsi ilə bağlı qeydiyyatı ləğv olunur.
Bununla bağlı bütün digər prosedur məsələlər Şuranın qəbul etdiyi qaydalarda öz əksini tapacaq.

Onu da xüsusilə vurğulamaq istərdim ki, Vətəndaş qiymətləndirməsiylə ekspertlərin qiymətləndirməsi paralel aparılır və birinin digərindən hər hansı asılılığı yoxdur. Bunların hər ikisi tövsiyyə xarakteri daşıyır. Belə ki, bir layihənin Şura tərəfindən maliyyələşdirilməsi vətəndaş rəyi ilə yanaşı ekpert rəyi və Katibliyin müvafiq arayışı əsas rol oynayır. Yəni, Şura qərar qəbul edən zaman bu 3 qiymətləndirmənin nəticələrini nəzərə alır. Təklif olunan yeniliyin əsas qayəsi odur ki, layihələri maliyyələşdirən zaman onların birbaşa benefisiarları (faydalananları) olan vətəndaşların rəyi öyrənilir və nəzərə alınır. Düşünürəm ki, heç kim maliyyə almaq istədiyi layihəyə öz benefisiarlarının, yəni vətandaşlarının rəy və münasibət bildirməsinə qarşı çıxmamalıdır.

3. Layihələrin keyfiyyətinin artırılması və sağlam rəqabətin gücləndirilməsi

Son dövrlərdə keçirilən qrant müsabiqələrində iştirak edən bir sıra QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmalar müşahidə olunur. QHT-lərin ictimai əhəmiyyətli problemlərin həllinə adekvat yanaşmadıqları və bəzən səhlənkarlığa yol vermələri bizi narahat edir. “Vətəndaşların layihələrin qiymətləndirilməsi” prosesi imkan verəcək ki, QHT-lərin irəli sürdüyü layihə təklifləri ictimaiyyətə açıq olsun. Bu da öz növbəsində QHT-ləri vətəndaş marağını nəzərə alan keyfiyyətli layihə hazırlamağa və ictimai əsas tutmağa sövq edəcək. Eyni zamanda bu yenilik QHT-lər arasında sağlam rəqabət mühitini daha da artıracaq.
Şübhə etmirəm ki, layihələrin keyfiyyətinin artrılması və sağlam rəqabətin gücləndirilməsi bütövlükdə ictimaiyyətin marağına xidmət gözəl bir təşəbbüsdür. Yəqin ki, bu təşəbbüsə də heç kim “yox” deməz.

Sonda, onu bir daha vurğulamaq istərdim ki, cəmiyyətdə hər bir yenilik, hər bir yeni ideya və islahat çətin qəbul olunur və bəzən də süngü ilə qarşılanır, onun effektivliyi təsdiq olunduqdan sonra isə hamı tərəfindən təqdirlə qarşılanır.

Əminəm ki, Şuranın 2019-cu ildən tətbiq edəcəyi bütün yeniliklər elektron hökumtin geniş tətbiqinə, Şuranın QHT-lərə göstərdiyi xidmətin yüksək səviyyədə təşkilinə, QHT məmnuniyyətinin artmasına və bütövlükdə Şuranın fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə xidmət edəcək.

Onu da diqqətinizə çatdırmaq istərdim ki, təklif olunan yeniliklərlə bağlı əlavə məlumata və izahata ehtiyac duyan həmkarlarım Şuraya müraciət edə bilər.

 

Elməddin Behbud

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri